Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu qələbə ilə başlayıb

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

Sportline.az xəbər verir ki, ikinci yarış günündə tatamiyə əvvəlcə Aytac Qardaşxanlı çıxıb. Xanım cüdoçular arasında 63 kq çəki dərəcəsində yer alan Qardaşxanlı 1/16 finalda almaniyalı Nele Noakı vaxtından əvvəl ipponla üstələyib. O, 1/8 finalda belçikalı Alessia Korrao ilə üz-üzə gələcək.

Oğlan cüdoçulardan isə Elcan Hacıyev monteneqrolu Marko Yanseri məğlubiyyətə uğradıb. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Giorgi Jabnaşvili olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq. 73 kq-da Vüsal Qələndərzadə Kyartan Hreydarssonla (İslandiya) görüşəcək.

81 kq-da Ömər Rəcəbli Randel Pasteli (Estoniya) sınağa çəkəcək. Hər iki görüş 1/16 finala təsadüf edəcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.