Avropa çempionatında növbəti oyunlar olub

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün qitə miqyaslı yarışda daha 4 qarşılaşma olub. Günün ilk matçında “A” qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24-16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaçmanın ikinci hissəsində Bosniya və Herseqovina  təmsilçiləri 21-16 hesabı ilə qalib gəlsələr də ümumi hesabda Litva millisi qələbə çalıb - 40:37.

Ardınca meydançaya “B” qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.

“B” qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.

Günün son matçında isə Sloveniya komandası millimizə 58:6 hesabı ilə qalib gəlib.

Sabah çempionatda daha 4 qarşılaşma olacaq. “A” qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan – İsrail, İspaniya – Lüksemburq görüşləri keçiriləcək.

Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.