Avropa çempionatında növbəti qızıl medal şansı

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün idmançılarımızdan Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib. 

Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya təmsilçiləri üzərində inamlı qələbə ilə yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olan italiyalı rəqibi ilə bacara bilməyən Hacıyev aprelin 10-da bürünc medal görüşünə çıxacaq.

Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya seçməsinin üzvlərindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Lakin, gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. Beləliklə, Murad da aprelin 10-da üçüncü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya güləşçisini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanını da məğlub edən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Qalibin adına sabah aydınlıq gətiriləcək.

Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.

Qeyd edək ki, bu çəkilər üzrə medal qarşılaşmaları aprelin 10-da saat 19:00-dan etibarən keçiriləcək.

61 kq
Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) 0:6

74 kq
1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) 10:1
1/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (ROU) 11:1
1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) 2:6
Bürünc medal görüşü - Hacımurad Hacıyev

86 kq
Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) 5:0
1/8 final - Murad Süleymanov - Ahmed Dudarov (GER) 10:1
1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (ESP) 7:2
1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) 0:7
Bürünc medal görüşü - Murad Süleymanov 

92 kq
1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) 6:2
1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (GEO) 8:2
FİNAL - Şərif Şərifov

125 kq
Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS) 9:13