Avropa çempionu: "Mənim güləş üslubumu yaxşı bilirdi"
"Yarışa tam hazır idim. Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi. 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim".
Sportline.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu sözləri U-23 Avropa çempionatında 60 kq-da çempion olan güləşçimiz Elmir Əliyev deyib
"Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum" - deyə o bildirib.
E.Əliyev ilk dəfə Azərbaycan çempionatında 60 kq-da çıxış etdiyini vurğulayıb: "Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim. Şükürlər olsun, çətin olsa da, qələbə qazandım".