Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib
Qadın həndbolçuların ölkə çempionatında 11-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, ABU Arenada təşkil olunan ilk görüşdə çempionatın favoritlərindən sayılan “Azəryol”la “Gənclər Birliyi” komandası üz-üzə gəlib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol”, pərəstişkarlarını növbəti qələbə ilə sevindirib. Oyun 33:20 hesabı ilə başa çatıb.
Günün digər matçında isə, “Qarabağ” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə, daha yüksək əzmkarlıq nümayiş etdirən “Qarabağ”, 36:29 hesabı ilə qələbə çalıb.
Xatırladaq ki, Azərbaycan çempionatının 3-cü dövrəsinə Tbilisidə start verilmişdi. 11-ci turun ilk oyununda “Olimpiya”nın qonağı olan “Azərsu”, yarışda müsabiqədənkənar iştirak edən Gürcüstan həndbolçularına qalib gəlmişdi – 43:21.
12 oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. Əsas rəqibindən bir oyun az keçirən “Azərsu” 20 xalla ikinci pillədədir. “Qarabağ” 14 xalla 3-cü pillədə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının 7 xalı var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Aktivində xalı olmayan “Gənclər Birliyi” yarışın autsayderidir.