Azərbaycan çempionatında favoritlərin qələbəsi

Kişi həndbolçuların Azərbaycan çempionatının II dövrəsinin növbəti turlarına  yekun vurulub.
Sportline.az xəbər verir ki, “AHF Arena” idman kompleksində XVII tura “İdman Akademiyası” -  U-16 görüşü ilə start verilib. Çempionatın lideri bu görüşdə rəqibini böyük xal fərqi ilə üstələyib – 33:18.
“Məhsul”  - RİOEUGİM matçında daha təcrübəli nominal ev sahibləri fasiləyədək üstünlüklərindən istifadə etməkdə çətinlik çəkiblər–15:14. İkinci hissədə təşəbbüsə yiyələnən “Məhsul” həndbolçuları  pərəstişkarlarını inamlı qələbə ilə sevindiriblər -  42:23.
Turun son qarşılaşması da azarkeşlər tərəfindən  maraqla gözlənilirdi.  Mübahisəli epizodlarla yadda qalan “Dinamo” – “Bakı”  görüşü  dinamoçuların 39:29 hesablı qələbəsi ilə yekunlaşıb.
18-ci turun oyunları da favoritlərin üstünlüyü şəraitində keçib. Bu, qeydə alınan nəticələrdə də təsdiqini tapıb. 
“İdman Akademiyası” “U-16” –nı 41:22, “Məhsul” RİOEUGİM-i 42:31, “Dinamo” isə “Bakı” komandasını 39:32 hesabı ilə məğlub edib. 
18 turdan sonra yarış cədvəlınə39 xalla  “İdman Akademiyası”  başçılıq edir.  “Məhsul” 29 xalla ikinci yerdədir. İlk üçlüyü 27 xalla  “Təhsil” qapayır. 4-cü pillədəki  “Dinamo” ondan 3 xal geri qalır. RİOEUGİM-lə U-16 komandasının hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.