Azərbaycan çempionatında II dövrəyə yekun vurulub
Kişi həndbolçuların Azərbaycan çempionatında da 9-cu turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, II dövrənin son turunda, əvvəlcə “Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Çempionatın lideri autsayderlə oyunda çətinlik çəkmədən qələbə qazanıb. Səviyyə fərqinin açıq-aşkar nəzərə çarpdığı görüş 42:24 hesabı ilə nəticələnib.
Günün digər qarşılaşması da eyni ssenari ilə yadda qalıb. Çempionluq uğrunda mübarizə aparan “Bakı”, “Təhsil”lə oyunun şəksiz favoriti olduğunu hesabda əks etdirib. Nominal ev sahibi çox çalışsa da ağır məğlubiyyətdən yaxa qurtara bilməyib – 18:33.
Növbəti qələbəsini qazanan “Məhsul” komandası 16 xalla ikinci dövrəni lider kimi başa vurub. “Bakı” ondan iki xal geridədir. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir. Bu qarşılaşmalardan sonra ölkə çempionatında gələn ilin mart ayınadək fasilə yaranacaq.
Yanvarın 11-də isə, Azərbaycan kuboku uğrunda turnirin oyunları olacaq. Həmin gün “Məhsul” “Təhsil” ilə, “Bakı” isə U-18 komandası ilə üz-üzə gələcək.