Azərbaycan çempionluğu uğrunda gərgin mübarizə
Qadın həndbolçuların Azərbaycan çempionatında 19-cu tur da arxada qalıb.
Sportline.az xəbər verir ki, mərkəzi oyunda çempionatın lideri "Azərsu" ilə qızıl medallara iddialı "Azəryol" qarşılaşıb. Böyük maraqla gözlənilən görüş "Azəryol" komandasının inamlı qələbəsi ilə nəticələnib - 36:23. Günün digər oyunlarında favoritlər növbəti qələbə ilə azarkeşlərini sevindiriblər. Mingəçevirin "Nur" komandası "Gənclərbirliyi" üzərində 33-10 hesablı qələbə çalıb. "Qarabağ" isə, "İdman Akademiyası" kollektivini məğlubiyyətə uğradıb - 36:30.
Əsas rəqibi ilə oyunda məğlubiyyətə rəğmən "Azərsu" 29 xalla yarış cədvəlinin zirvəsindədir. "Azəryol" son turdakı qələbə ilə, liderlə xal fərqini minimuma endirib. Aktivində 25 xalı olan "Nur" isə, ilk üçlüyü qapayır. "Qarabağ" 23 xalla 4-cü pillənin sahibidir. Autsayderlər "Gənclər Birliyi" və "İdman Akademiyası"nın hərəyə 4 xalı var.
Çempionatın sonuncu turuna, aprelin 26-da Mingəçevirdə "Nur" - "Azəryol" görüşü ilə start veriləcək. Aprelin 28-də isə, "Qarabağ" "Gənclər Birliyi"ni, "Azərsu" "İdman Akademiyası"nı sınağa çəkəcək.