Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurdu

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin heyətində -90 kq. çəkidə Məmmədəli Mehdiyev, -100 kq. çəkidə Elmar Qasımov və +100 kq. çəkidə yarışan Uşanqi Kakauri medallar uğrunda mübarizə aparıblar.

Məmmədəli Mehdiyev 1/16 finalda David Klammertlə(Çexiya) qarşılaşıb. Cüdoçumuz qələbə ilə mərhələ adlayıb. 1/8 finalda italiyalı Cennaro Pirellini də yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda mübarizədə yunanıstanlı Teodoros Tselidisə uduzub. Mehdiyevin təsəlliverici qarşılaşmadakı rəqibi Yesper Smink (Niderland) olub. Qələbə qazanan cüdoçumuz turnirdəki son rəqibi macarıstanlı Kristian Tota qalibn gələrək bürünc mükafat əldə edib.

1/16 finalda Sedrik Olivarla (Fransa) görüşən Elmar Qasımov çempionata qələbə ilə başlayıb. O, İlia Sulanidzeni (Gürcüstan) də məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Niderlandlı Maykl Korrelə uduzan cüdoçumuz təsəlliverici mərhələdə Peter Palçiklə (İsrail) üz-üzə gəlib. Qələbə qazanan Elmar bürünc uğrunda mübarizədə isveçrəli Daniel Eyçə uduzub və yarışı medalsız bitirib.

1/8 finalda İv Ndao (Belçika) ilə qarşılaşan cüdoçumuz Uşanqi Kokauri qələbə qazanıb. Almaniyalı Yohannes Freylə 1/4 final görüşündə uduzan təmsilçimiz təsəlliverici raundda gücünü sınayıb. Ukraynalı Yakov Xammo ilə qarşılaşmada da uduzan milliləşən legioner çempionatda çıxışını başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 3 medalla başa vurub. Daha əvvəl 73 kq çəkidə çıxış edən təmsilçilərimizdən Hidayət Heydərov qızıl, Rüstəm Orucov bürünc əldə edib.