Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatını üç medalla başa vurub.
Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə iki idmançı mübarizəyə qoşulub.
90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov ilk görüşündə Con Messe Bessonqa (Kanada) uduzub.
Qadınların yarışında 70 kq-dan yuxarı çəkidəki Nigar Süleymanova Sevinc Turakulovanı (Özbəkistan) və Morqan De Paolini (İtaliya) mübarizədən kənarlaşdırsa da, Selia Kankanın (Fransa) müqavimətini qıra bilməyib. Təsəlliverici görüşdə Yovana Styepanoviçə (Serbiya) məğlub olan Süleymanova medalsız qalıb.
Qeyd edək ki, daha əvvəl Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.