Azərbaycan Həndbol Federasiyasına yeni prezident seçilib

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilati məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib. Gənclər və İdman Nazirliyindən SportLine.az saytına verilən məlumata görə, yığıncaqda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Öncə Azərbaycanda idmanın inkişafından danışan Hüseynzadə bildirib ki, sabiq SSRİ dövründə böyük uğurları olan həndbol bu yüksəlişdən geri qalıb: “Bu səbəbdən də Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsi ilə bağlı qərar verib”.

Vitse-prezident ardınca Azərbaycan Həndbol Federasiyasında dəyişikliyin olduğunu və qurumun prezidenti postunda Heydər Babayevi “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun əvəzlədiyini deyib. O, yeni rəhbəri təqdim də edib.