Azərbaycan kubokunda 1/2 finalçılar müəyyənləşdi

Kişi həndbolçuların ölkə kuboku turnirində qrup mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə, əvvəlcə “Məhsul” və U-18 komandaları meydançaya çıxıblar. Bu görüşdə, yarışın əsas favoritinin autsayder üzərində asan qələbə çalacağı gözlənirlirdi. Amma, “Məhsul” yüksək əzmkarlıq göstərən rəqibin müqavimətini çətinliklə qırıb. Gərgin mübarizə şəraitində keçən oyun 25:22 hesabı ilə nəticələnib.

Günün ikinci qarşılaşması haqqında da eyni fikirləri səsləndirmək olar. “Təhsil”lə oyuna favorit qismində çıxan “Bakı”, qarşıya qoyulan tapşırığı yerinə yetirib. Amma, qələbənin heç də asan başa gəldiyini söyləmək olmaz. “Bakı” komandası rəqibi cəmi 4 xal fərqi ilə üstələməyi bacarıb – 29:25.

Qrup oyunlarının nəticələrinə əsasən, “Məhsul” mərhələni ilk pillədə başa vurub. Bakı ikinci, “Təhsil” 3-cü, U-18 4-cü yerdə qərarlaşıb.

Aprel ayında keçiriləcək yarımfinal oyunlarında “Məhsul” U-18 komandası ilə, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.

Azərbaycan kubokunun sahibi mayda müəyyənləşəcək.