Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Futzal üzrə Azərbaycan kuboku turnirinin finalçıları müəyyənləşib.
Sportline.az xəbər verir ki, ilk yarımfinal oyununda “Neftçi” və EKOL komandaları qarşılaşıb.
Cəza üzündən çempionat oyunlarında iştirak etməyən “Neftçi”nin üzvü Rüfət Balakişiyev bu dəfə komandasına kömək edib. Oyunda hesabı nominal meydan sahibi – “Neftçi” açıb. Oruc Baxşəlizadə toru silkələyib. Hissənin sonuna 2 dəqiqə qalmış EKOL status-kvonu bərpa edib. Radik Əhmədovun zərbəsi tora daxil olub. Fasiləyə 20 saniyə qalmış isə Əsgər Abasov EKOL-u hesabda önə keçirib. İkinci hissədə də EKOL fərqi artırıb və 5:1 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.
Günün ikinci oyununda “Advokat” və “Xəzər Cənub” komandaları qarşılaşmalı idi. Ancaq “Xəzər Cənub” təyin olunmuş vaxtda meydana çıxmadığına görə, “Advokat” finala adlayıb.
Beləliklə, mayın 23-də keçiriləcək final oyununda EKOL və “Advokat” üz-üzə gələcəklər.