Azərbaycan millisi Bakıdakı Dünya Kubokunda mübarizəyə başlayıb
Azərbaycanın idman gimnastikası üzrə yığması Bakıda keçirilən Dünya Kubokunda mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışda ilk olaraq İvan Tixonov qüvvəsini sınayıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayıb və hazırda 5-ci sırada qərarlaşıb.
Sərbəst hərəkətlərdə çıxış edən Mənsum Səfərov hakimlərdən 11.200 xal alıb. O, üçlü hərəkətlər zamanı yerə düşərkən səhvə yol verib və ayağı büdrəyib. Səfərov 23-cü pillədə yer alıb.
Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqlı tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü sırada yer alıb.
Qeyd edək ki, yarışda həmçinin Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev, Nikita Simovov (hər ikisi halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) mübarizə aparır.