Azərbaycan millisi İslamiadaya hazırlığı davam etdirir

V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq qadın həndbolçulardan ibarət Azərbaycan millisinin hazırlığı davam edir.

Sportline.az saytına AHF-dən verilən məlumata görə, avqustda keçiriləcək İslamiadaya qələbə üçün qatılacaq komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib. İyirmi iki həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir. Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və "Dinamo" İdman Cəmiyyətində keçirilir.

İyunun 15-də Bakıda yekunlaşacaq toplanış, ardınca ölkə xaricində davam etdiriləcək. Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.

İslamiadaya hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları  9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.