Azərbaycan millisinin yeni baş məşqçisi məlum olub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı dəqiqləşib.

Sportline.az xəbər verir ki,  seçmə komandamızı yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.

O, voleybolumuzun son illərdə itirilən nüfuzunu özünə qaytarmağa çalışacaq. Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan və ölkəmizdə idmanın bu növünün inkişafında xüsusi payı olan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.

Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb. Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.

Qeyd edək ki, qadın voleybolçulardan ibarət yığmamızın dünya və Avropa çempionatında uğurlu çıxışı, həmçinin “Azərreyl”in Avropa tanınması məhz Qarayevin adı ilə bağlıdır. Onun təqdimatı dekabrın 27-də olacaq.