Azərbaycan pauerliftinçilərinin növbəti uğuru

Bir qayda olaraq mötəbər yarışlardan uğurlu nəticə ilə dönən pauerliftinqçilərimiz ənənəyə sadiq qalıblar. Əvvəlcə Portuqaliyada keçirilən dünya çempionatı haqda. Federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi ilə Pireniey yarımadasına yollanan seçmə komandamız Porto şəhərində təşkil olunan yarışda 12 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Üçnövçülükdə bacarığını göstərən Bayram və Müşfiq Əliyevlər, həmçinin Asif Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha çox medal benç – press növündə mübarizə aparan idmançılarımızın aktivindədir. Kamil Qafarov, Ramin Rzayev, Eldar Məmmədov, Aqşin İsmayılov və Vaqif Məmmədov bütün rəqiblərini üstələyərək dünya çempionu adına layiq görülüb. Əbülfəz Cəfərovla Vasif Quliyev 3-cü yerlə kifayətlənib. Dedlift növündə qüvvəsini sınayanlardan isə, Şahin Eyvazov, Kamran Əlizadə, Aqil Hümbətov  və Rüstəm Musayev baş mükafata sahib çıxıb. Xaliq İsmayılov dünya çempionatını 2-ci pillədə başa vurub.

Daha bir uğurlu nəticə Moskvada keçirilən dünya kubokunda qeydə alınıb. Təcrübəli pauerliftinqçimiz Bəxtiyar Quliyev Rusiya paytaxtına nahaq yerə yollanmadığını inamlı çıxışla sübut edib. Dünya və Avropa çempionumuz bu dəfəki yarışda da öz çəkisinin liderlərindən olduğunu təsdiqləyib. 110 kq çəki dərəcəsində 366 kq ağırlığın öhdəsindən gələn idmançı dünya çempionluğu ilə yanaşı yeni dünya rekorduna da imza atıb.

Pauerliftinqçilərimiz bu uğurlarla kifayətlənmək niyyətində deyillər. Seçmə komandamız qarşıdakı yarışlara da səylə hazırlaşır. Federasiyanın bütün müasir standardlara cavab verən idman zalında yeni istedadlar da üzə çıxmaqdadır.

Pauerliftinqçilərimizə yeni-yeni uğurlar arzulayırıq.