"Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm" - Şəhriyar Məmmədyarov
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VII tur davam edir. SportLine.az xidməti xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb.
Şəhriyar Məmmədyarov mətbuat konfransında Azərbaycan şahmatçılarına qarşı mübarizə aparmağın çətinliyindən danışıb: "Teymur Rəcəbovla 1993-cü ildən şahmat oynayırıq. 1993-cü ildə ilk dəfə Rəcəbova qarşı mübarizə aparmışam. O vaxt cəmi 4 ay əvvəl şahmat oynamağa başlamışdım. Təsəvvür edin, 4 ay şahmat öyrəndim sonra yarışda Rəcəbova qarşı çıxış edirəm. Teymur artıq uşaqlar və yeniyetmələr arasında bir sıra beynəlxalq turnirlərin qalibi, mükafatçısı idi. Yarışda Vüqar Həşimov, Qədir Hüseynov da iştirak edirdi. İndiyə qədər yadımdadır. Ağ fiqurlarla üstünlük qazanmışdım, amma oyunun həlledici məqamında Teymur heç-heçə təklif etdi. Razılaşdıq və partiya bərabərliklə yekunlaşdı. Oyundan sonra hamı Teymurdan heç-heçə oynamağının səbəbini soruşurdu.
Ümumiyyətlə müxtəlif beynəlxalq turnirlərdə rəqib oluruq. Etiraf edim ki, Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm. Bütün gücümlə mübarizə aparmaq alınmır. Millidə komanda yoldaşım, dostum olan şahmatçıya rəqib kimi baxmaq asan deyil. Ona görə beynəlxalq turnirlərdə də azərbaycanlılarla görüşmək istəmirəm".
Azərbaycan şahmatçısı bəzi həmkarlarının məğlubiyyəti qəbul edə bilmədiyini söylədi: "Məğlub olsan belə həvəsdən düşmək olmaz. Gərək növbəti görüşə hazırlaşasan. Çində keçirilən turnirdə ukraynalı şahmatçı Vasili İvançuka qalib gəlmişdim. Partiyadan sonra İvançuk ağlamağa başladı. Göz yaşlarını görəndə çox pis oldum. Onun pərəstişkarları da üzüldü. İvançuk çox duyğusal insandır, ona görə özünü saxlaya bilmədi".
ShamkirChess 2018-in mətbuat xidməti