Fernando Alonso Bakı bulvarında velosiped sürdü

2016-cı il Formula 1 üzrə Avropa Qran Prisinə cəmi bir neçə gün qaldığı bir vaxtda, yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb.

Gəzinti çərçivəsində Fernando Alonso Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş velosipedlə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edib. Onunla bərabər Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Averin, peşəkar və həvəskar velosipedçilər də veloturda iştirak edib.

Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlıqdan sonra öz təəssüratlarını bölüşüb: “Yenidən Bakıda olmaq möhtəşəm hissdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm".