Azərbaycanda velosiped idmanının tarixinə baxış
Son məlumatlara görə, Azərbaycanda velosipeddən ötən əsrin 30-cu illərində istifadəyə başlanılıb. Yeni nəqliyyat vasitəsi kimi qəbul olunan velosipedlər Rusiyadan gətirilib. Məktəbli və tələbələr arasında daha populyarlaşması bir idman növü kimi ilk yarışların keçirilməsini təmin edib. İlkin mərhələdə bu yarışlar məktəblərarası və universitet daxilində keçirilib. Ölkəmizdə daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin başlanğıcına təsadüf edir. Bu dövrlərdə artıq respublika miqyaslı spartakiadalar təşkil olunub. 4 ildən bir keçirilən spartakiadalarda Ukraynanın Xarkov şəhərində istehsalı olunan velosipedlər istifadə edirdilər.
1972-ci il, Sumqayıt idmançıları
Azərbaycanda bu idman növünün “ilk qaranquşları” Səbzəli Hüseynovla Hüseyn Zərgərlidir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdiriblər. Yarışda iştirak edən velosipedlərin sürəti saatda 30-35 km olub. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də müxtəlif ölkələrdən məşqçilər cəlb olunub. Bunlardan Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov və başqalarının adını çəkə bilərik. Beynəlxalq yarışlara qatılan Hüseyn Zərgərli ümumittifaq dərəcəli hakimdir.
Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başlayıb. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri, qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alıblar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya spartakiadasında iştirak ediblər.
1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılıb. Artıq Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınayırdılar. Həmin illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları çempionatlarda uğurla iştirak edirdilər. Bu da danılmaz faktdır ki, Alxas Talıbov və Ələddin Şabanov Avropada keçirilən turnirlərdə göstərdikləri uğurlara görə medal, diplom və təşəkkürnamələrlə təltif olunub. Ələddin Şabanov 50-dən artıq ölkədə keçirilən velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomarafonlarda Azərbaycanı yüksək səviyyədə təmsil edib. Bütün bu uğurların nəticəsi idi ki, Azərbaycan velosipedçiləri artıq Olimpiya Oyunları üzrə beynəlxalq konfranslarda iştirak edirdilər.
1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilib. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilən konfransa qatılıb. Ölkə velosipedçiləri təmsil olunduqları konfransda müxtəlif diplomlarla təltif olunublar. 90-cı illərdən başlayaraq, Azərbaycanda velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatında iştirak ediblər. Bu dövrlərdə keçirilən yarışlarda velosipedin sürəti artaraq saatda 40 kilometrə çatıb.
1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-Peterburq-Gəncə arasında 4 min km məsafədə velosiped yürüşü təşkil olunub. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak ediblər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanma özünü göstərməkdədir.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Son 10 ildə Azərbaycan idmanının tarixinə şanlı səhifələr yazılıb.
1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlayıb. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf edib. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilib, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılıb. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunub, Fazil Əsəd oğlu Məmmədov federasiyanın prezidenti seçilib.
Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə 2009-cu ildən başlanılıb. 2009-cu ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) AzVİF ilə birgə velosiped idman növünün çoxnövçülük şose ötüşmələri üzrə Bakı şəhər çempionatı keçirilib. Ardınca ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Böyük Qafqaz” veloyürüşü təşkil edilib.
Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişafı üçün vacib tədbirlər həyata keçirilir.
1970-ci illər, 9 may, Bakı şəhərində keçirilmiş kriterium yarışı
Beynəlxalq velosiped yarışları sırasına Tur de Azərbaycan adlı yeni bir turnir də daxil olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə hər olunan və yüksək səviyyədə təşkil olunan çoxgünlük veloyarışda dünyanın tanınmış idmançıları, güclü komandaları qələbə uğrunda mübarizə aparır. İlk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları proqramına veloidmanın da daxil edilməsi bu növə marağı daha da artırıb. Müasir starndardlara cavab verən Velotrek və dağ velisipedi parkı idmançıların və bu idmana həvəskar səviyyədə maraq göstərənlərin ixtiyarındadır.
Azərbaycanda velosiped idmanına marağın böyük olmasının nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən beynəlxalq miqyaslı Velosiped idmanı muzeyidir. Muzey 40 ildən çoxdur ki, fəaliyyət göstərir. Yarım əsr müddətində muzey velosipedin tarixinə aid materiallar, bu idman növündə qazanılan nəticələr və velosipedlə bağlı müxtəlif hadisələrlə zənginləşib. Bu işdə isə, Velosiped muzeyinin yaradıcısı velosiped idman növü üzrə Azərbaycanı dünya çempionatlarında təmsil etmiş, mərhum Ələddin Şabanovun xidmətləri danılmazdır. Muzeyin səyyar sərgiləri bu günədək bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında nümayiş etdirilib.
SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir