Azərbaycanın 4 sablyaçısı Qran-prinin əsas mərhələsində çıxış edəcək

İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq Qran-pri turniri start götürüb.

Azərbaycan Qılıncoynatma Federasiyasından Sportline.az saytına verilən məlumata görə, turnirin 1 nömrəli favoriti Anna Başta reytinqi yüksək olduğundan qadın sablyaçıların şəxsi yarışında mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq.

Mübarizəyə təsnifat mərhələsindən start verən milli komandanın digər üzvlərindən Sevil Bünyatova, Polina Kaspiaroviç və Valeriya Bolşakova da həlledici raunda yüksəlməyi bacarıb.

Qrup mərhələsində 5 qalibiyyəti olan Bolşakova bu nəticə sayəsində pley-off görüşlərinə qatılmadan birbaşa əsas mərhələyə vəsiqə qazanıb.

Qrupda keçirdiyi görüşlərdə 4 qələbə qazanan Bünyatova həlledici raunda yüksəlmək uğrunda keçirilən pley-off görüşündə fransalı Amalia Aimeyə 15:11 hesabı ilə qalib gəlib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Kaspiaroviç isə əvvəlcə argentinalı Maria Beleni 15:10, ardınca isə fransalı Matilde Mourouxanı 15:12 hesabı ilə məğlub edərək 1/32 finala yüksəlib.

Qrupda 4 qələbəsi olan Səbinə Kərimova əsas mərhələyə vəsiqə uğrunda pley-off görüşündə Əlcəzair təmsilçisi Zohra Noraya 13:15 hesabı ilə uduzub.

Qrupu qələbəsiz bitirən Zərifə Hüseynova isə pley-offa adlaya bilməyib.

Qadın sablyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri mayın 21-də keçiriləcək. Başta 1/16 finala yüksəlmək üçün ABŞ qılıncoynadanı Honor Consona qalib gəlməlidir. Kaspiaroviç bu mərhələdə digər ABŞ təmsilçisi Enn-Elizabet Stounla qarşılaşacaq. Bünyatovanın da rəqibi ABŞ-ı təmsil edir. O, 1/16 finala yüksəlmək üçün Tatyana Nazlimova qalib gəlməlidir. Bolşakova isə rumıniyalı Mariya Mateini sınağa çəkəcək.