Azərbaycanın iki badmintonçusu ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb

Azərbaycanın iki idmançısı tarixdə ilk dəfə dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb.

Bu barədə Sportline.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Siyahını Dünya Badminton Federasiyası (BWF) açıqlayıb.

Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc idmançı Ülvi Hüseynov 63-cü pilləyə yüksəlib. O, son olaraq İranda və Türkiyədə keçirilən yarışlarda mükafatçılar sırasına düşməklə reytinq xalını 4050-yə çatdırıb.

Digər gənc badmintonçu Həcər Nuriyeva isə 2023 və 2024-cü illərdə Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən yarışlarda medalçılar sırasında yer almaqla 21 pillə irəliləyərək 47-ci olub. Sonuncu dəfə isə 2025-ci ildə İranda keçirilən turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq bu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçuları siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biridir.