"Azərbaycanın taekvondo millisi ilə sıx əlaqələrimiz, dostluq münasibətlərimiz var"

"Azərbaycan və Qazaxıstanın taekvondo millilərinin sıx əlaqələri və dostluq münasibətləri var".

Sportline.az xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan komandasının məşqçisi Mura Nazarov Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Aktau şəhərindən gəldiklərini bildirib:

"Biz "Jas batır" klubunu təmsil edirik. 68 kq çəki dərəcəsində kişilər arasında çıxış edən komandamızın bir üzvü milli komandanın heyətində ikinci nömrə olaraq yer alır. Bir qadın idmançımız da 57 kq çəki dərəcəsində yığmanın ikinci üzvüdür. Azərbaycan millisi ilə sıx əlaqələrimiz, dostluq münasibətlərimiz var. İdmançılarınızı yaxından tanıyırıq. Həm kişi, həm də qadın taekvondoçularınız yaxşı çıxış edirlər, yarışlarda nəticələr qazanırlar. Yeri gəlmişkən, sizi Qaşım Maqomedovun olimpiadada gümüş medal qazanması münasibəti ilə təbrik edirəm. İyulda Qazaxıstan Kuboku keçiriləcək. Biz burada həmin yarışa hazırlaşırıq".

Qeyd edək ki, Qazaxıstan taekvondoçuları böyüklər və gənclərdən ibarət Azərbaycan millisi ilə birgə təlim-məşqlərdə iştirak edirlər. İyunun 26-dək davam edəcək hazırlıq prosesi çərçivəsində komandalar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılır.