"Azərsu" çempionluğa doğru inamlı addım atıb
Qadın həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları da arxada qalıb.
Sportline.az xəbər verir ki, turun böyük maraqla gözlənilən görüşündə çempionluğa namizədlər üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyunda “Azərsu”nun imkanlarını daha yüksək qiymətləndirənlər yanılmayıblar. “Azəryol” komandası çox çalışsa da, baş mükafat uğrunda mübarizədə əsas rəqibinin qələbəsinə mane ola bilməyib. Qarşılaşma 25:21 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.
Günün digər oyununda isə, “İdman Akademiyası” – “Gənclər Birliyi” üzərində qələbə qazanıb – 37:31.
14 oyundan 26 xal toplayan Azərsu, son qələbə ilə çempionluğa doğru inamlı addım atıb. Bir oyun az keçirən Azəryol, artıq əsas rəqibindən 4 xal geri qalır. Bu tur “Olimpiya” ilə oyunu təxirə salınan “Qarabağ”, 14 xalla 3-cü pillədə qərarlaşıb. Autsayder “Gənclər Birliyi”nə qalib gələn “İdman Akademiyası” isə, Gürcüstan təmsiçisi ilə xalları bərabərləşdirib. Bu komandalar hərəyə 7 xalla 4-cü, 5-ci yerləri bölüşürlər.