"Azərsu" liderliyi davam etdirir
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub.
Sportline.az xəbər verir ki, qızıl medallara namizədlərdən sayılan “Azəryol”, bu dəfə, “Qarabağ”la münasibətləri aydınlaşdırıb. Görüşün favoriti rəqibin kifayət qədər ciddi müqavimətinə rast gəlib. Bununla belə, gərgin mübarizənin sonunda, “Azəryol” komandası azarkeşlərini sevindirməyi bacarıb – 26:23.
Yarış cədvəlinin lideri isə, “Gənclər Birliyi”ni sınağa çəkib. “Azərsu”nun tam üstünlüyü şəraitində keçən oyun 49:23 hesabı ilə nəticələnib.
Hərəyə 32 xalı olan “Azərsu” və “Azəryol” komandaları 1-ci, 2-ci yerləri bölüşürlər. Bir oyun az keçirən “Azərsu” ilk pillədədir. 3-cü yerin sahibi “Qarabağ”ın 16 xalı var. 7 xala malik “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-cü, 5-ci pillələrdə qərarlaşıblar. Autsayder “Gənclər Birliyi” hələ də xal qazana bilməyib.