"Azəryol" - "Azərsu" görüşündə gərgin mübarizə

Qadın həndbolçuların ölkə çempionatında VII turun görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, günün böyük maraqla gözlənilən oyununda “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə vəd edən qarşılaşmada “Azəryol”un imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Ciddi müqavimət göstərən “Azərsu” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 24:28.

Turun digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası”nı qəbul edib. Autsayderlə oyuna aşkar favorit qismində çıxan “Qarabağ” növbəti qələbəsini çətinlik çəkmədən qazanıb. Rəqiblər arasında səviyyə fərqi tabloda da əksini tapıb – 38:24.

Növbəti qələbələrini qazanan “Azəryol”la “Qarabağ” hərəyə 12 xalla çempionatın şərikli liderləridir. 3-cü pillədə qərarlaşan “Azərsu”nun 4 xalı var. Autsayder “İdman Akademiyası”nın aktivində hələ də xal yoxdur.

Dekabrın 11-də keçiriləcək növbəti oyunlarda “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.

Dekabrın 7-də isə kişi həndbolçuların ölkə çempionatının oyunları olacaq. Həmin gün “Təhsil” “Məhsul”u, “Bakı” U-18-i qəbul edəcək.