"Azəryol" çempionluğa doğru inamla irəliləyir

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizənin qızğın çağıdır.

Sportline.az xəbər verir ki, yarışın 14-cü turunda diqqətlər əsasən “Azəryol” – “Qarabağ” matçına yönəlmişdi. Çempionluğa iddialı rəqiblərin növbəti qarşılaşması da gərgin və maraqlı mübarizə vəd edirdi. Liderlə 4 xallıq fərqi azaltmaq niyyətində olan “Qarabağ”, meydançaya qələbə əzmi ilə çıxsa da, istəyi ilə imkanları üst-üstə düşməyib. Daha yaxşı oyun nümayiş etdirən “Azəryol” rəqibi üzərində inamlı qələbə qazanıb – 33:23.

Günün ikici oyunu da gərgin mübarizə şəraitində keçib. Autsayder “Idman Akademiyası” komandası bu dəfə “Azərsu” ilə oyunda azarkeşlərini sevindirmək əzmində idi. Amma, “tələbələr” növbəti imtahandan da üzüağ çıxa bilməyiblər. Rəqibin ciddi müqavimətinə rəğmən, “Azərsu” oyunu qələbə ilə bitirməyi bacarıb – 32:29.

14 oyundan 26 xal toplayan “Azəryol”un liderliyi davam edir. Onun ən yaxın izləyicisi “Qarabağ” artıq 6 xal geridədir. 3-cü pillədə qərarlaşan “Azərsu”nun aktivində 10 xal var. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın aşkar autsayderidir.

Martın 18-nə təyin olunan 15-ci turun oyunlarında “Qarabağ” – “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.