"Azəryol" həlledici görüşdə əsas rəqibi üstələdi
Qadın həndbolçuların Azərbaycan çempionatında 18-ci tur da arxada qalıb.
Sportline.az xəbər verir ki, ABU Arenada keçirilən “Azəryol” – “Azərsu” görüşü həlledici xarakter daşıyıb. Bu turadək 3 dəfə qarşılaşan rəqiblərin şəxsi görüşlərində 2 dəfə “Azərsu”, 1 dəfə isə “Azəryol” qalib gəlmişdi. Bu baxımdan sayca 4-cü oyun məsələyə aydınlıq gətirməli idi.
Prinsipial qarşılaşmada 30:25 hesabı ilə qələbə çalan “Azəryol”, rəqibi ümumi hesabda 4 top fərqi ilə üstələməklə, böyük ölçüdə məsələyə aydınlıq gətirib. Belə ki, son turda yüksək ehtimalla “İdman Akademiyası”na da qalib gələcək “Azəryol”u artıq indidən çempionluq münasibəti ilə təbrik etmək olar. Sensasiya baş verməsə, martın sonlarında Azərbaycan kubokunu da başı üzərinə qaldıran “Azəryol” üçün bu mövsüm “qızıl dubl”la yadda qalacaq.
Qeyd edək ki, 18-ci turun digər oyununda “Gənclər Birliyi” “İdman Akademiyası” komandasına 28:35 hesabı ilə uduzub.
20 turdan ibarət Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.