"Azəryol" liderliyi davam etdirir
Qadın həndbolçuların Azərbaycan çempionatında XI turun oyunları olub.
Sportline.az xəbər verir ki, günün ilk görüşü daha böyük maraqla gözlənilirdi. Çempionluq uğrunda yarışan “Qarabağ”la “Azəryol”un qarşılaşması gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb. Liderlə xal fərqini aradan qaldırmaq istəyində olan “Qarabağ”, meydançaya qələbə üçün çıxsa da, tapşırığı yerinə yetirə bilməyib. Rəqibin ciddi müqavimətinə baxmayaraq, 3 xallıq üstünlüklə qələbə çalan “Azəryol”, pərəstişkarlarını sevindirib – 29:26.
Turun “Azərsu” – “İdman Akademiyası” matçında nominal ev sahibinin qələbəsinə inananlar yanılmayıblar. Baxmayaraq ki, “Azərsu” bu oyunda heç də asanlıqla qalib gəlməyib. Məğlubiyyətlə barışmaq istəməyən “İdman Akademiyası” rəqibə layiqli müqavimət göstərib. Bununla belə, görüş daha təcrübəli “Azərsu”nun üstünlüyü ilə yekunlaşıb – 39:33.
XI turu da qələbə ilə bitirən “Azəryol” 20 xalla liderliyi davam etdirir. “Qarabağ” ondan 4 xal geri qalır. “Azərsu” 6 xalla üçüncü yerdə qərarlaşıb. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın autsayderidir.
Fevralın 19-una təyin olunan XII turun oyunlarında “Azəryol” “İdman Akademiyası” ilə, “Azərsu” “Qarabağ”la üz-üzə gələcək.
Fevralın 15-də isə, kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün azarkeşlər “Bakı” - “Məhsul” “Təhsil” – U-18 görüşlərinin şahidi olacaqlar.