"Azəryol" Tbilisidən qələbə ilə dönür
Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki qarşılaşma olub.
Sportline.az xəbər verir ki, Tbilisidə keçirilən oyunlarda yerli "Olimpiya" ilə Bakının "Azəryol" komandası qarşılaşıb. Yanvarın 10-da təşkil olunan görüş 33-21 hesabı ilə "Azəryol"un xeyrinə başa çatıb.
Rəqiblərin bugünkü oyunu da "Azəryol"un üstünlüyü ilə yadda qalıb. Bunun məntiqi nəticəsi kimi ikinci qarşılaşmanı da Azərbaycan həndbolçuları qələbə ilə bitiriblər. 31-22.
Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatının 20 oyunundan 10-nu Bakıda keçirən Gürcüstanın “Olimpiya” komandasının digər görüşləri Tbilisidə təşkil olunur.
Sabah keçiriləcək "Qarabağ" – "Gənclərbirliyi", "İdman Akademiyası" – "Azərsu" görüşləri ilə yarışın 10-cu turuna yekun vurulacaq.
Azərbaycan çempionatının 3-cü dövrəsinə isə, yanvarın 24-də start veriləcək.