"Azəryol" vahid liderliyə yiyələndi
Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, daha böyük maraqla gözlənilən “Azəryol” – “Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. Son ölkə çempionu, mövsümə iddialı başlayan rəqiblə oyuna qələbə üçün çıxmışdı. Yüksək əzmkarlıq nümayiş etdirən “Azəryol” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 31:26.
Günün digər qarşılaşmasında isə, “Azərsu” “İdman Akademiyası” komandasını sınağa çəkib. Əksəriyyət nominal qonaqların autsayder üzərində rahat qələbə çalacağını gözləyirdi. Amma, kifayət qədər ciddi müqavimət göstərən “tələbələr”, təcrübəli rəqibə asanlıqla təslim olmayıblar. “Azərsu” maraqlı mübarizənin sonunda cəmi 4 xal fərqi ilə qələbə qazanıb – 43:39.
Əsas rəqibi üzərində qələbə çalan “Azəryol” 14 xalla, çempionatın artıq vahid lideridir. “Qarabağ” 12 xalla ikinci pillədə qərarlaşıb. 3-cü yerdəki “Azərsu” xal sayını 6-ya yüksəldib. “İdman Akademiyası” komandası hələ də xal üzünə həsrətdir.
Çempionatın 9-cu turunun oyunları dekabrın 18-də keçiriləcək. Həmin gün “Qarabağ” “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.