"Azəryol" və "Qarabağ"ın növbəti qələbəsi

Qadın həndbolçuların Azərbaycan çempionatında XII turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, yarış cədvəlinin lideri  - “Azəryol” bu tur “İdman Akademiyası” komandasını sınağa çəkib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən nominal ev sahibi, azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb. “Tələbələr” çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər. Görüş 36:29 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.

Günün digər qarşılaşmasında “Azərsu” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Bu görüşdə də gözlənilməz nəticə qeydə alınmayıb. Meydançaya favorit qismində çıxan “Qarabağ” tapşırığın öhdəsindən gəlməyi bacarıb. Daha kəsərli hücumlar təşkil edən nominal qonaqlar matçı qələbə ilə başa vurublar – 39:31.

Məğlubiyyətsiz seriyanı davam etdirən “Azəryol” 22 xalla çempionatın vahid lideridir. Onun əsas rəqibi sayılan “Qarabağ”ın aktivində 18 xal var. “Azərsu” 6 xalla üçüncü pillədə qərarlaşıb. Autsayder “İdman Akademiyası” komandası hələ də xal üzünə həsrətdir.

Martın 4-də keçiriləcək XIII turun oyunlarında “Azəryol” “Azərsu” ilə, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Fevralın 21-də isə kişi həndbolçuların çempionatında 1 oyun olacaq. Söhbət “Bakı” -  “Təhsil” matçından gedir.