"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir
Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb.
Sportline.az xəbər verir ki, 13-cü turun açılış matçında “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Çempionatın lideri “Azəryol”, bu görüşdən də qalib ayrılmaq niyyətində idi. “Azərsu” həndbolçuları çox çalışsalar da, rəqibin istəyinə mane ola bilməyiblər. Daha yüksək əzmkarlıq göstərən “Azəryol” 35:33 hesabı ilə qələbə qazanıb.
Günün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını qəbul edib. Çempionluq uğrunda mübarizə aparan nominal ev sahibi, autsayderlə oyunda elə də çətinlik çəkməyib. Bu, tablodakı yekun hesabda da təsdiqini tapıb – 36:28.
Növbəti qələbə ilə xal ehtiyatını 24-ə çatdıran “Azəryol” çempionatın vahid lideridir. “Qarabağ” ondan 4 xal geri qalır. 3-cü pillədəki “Azərsu”nun 6 xalı var. “İdman Akademiyası” komandasının aktivində hələ də xal yoxdur.
Qeyd edək ki, martın 7-də kişi həndbolçuların ölkə çempionatında 13-cü turun oyunları olacaq. Həmin gün “Təhsil” “Məhsul”la, “Bakı” isə U-18-lə qarşılaşacaq.