Azərbaycan çempionatında növbəti oyunlar olub

Həftəsonu kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar olub.

Sportline.az xəbər verir ki, yarışın əsas favoritlərindən sayılan “Dinamo” komandası V turda  RİOEUGİM kollektivini sınağa çəkib. Nominal ev sahibinin tam üstünlüyü ilə keçən qarşılaşma 45:21 hesabı ilə nəticələnib.  “Məhsul” – U-16 görüşündə də səviyyə fərqi hesabda əksini tapıb - 43:18. “İdman Akademiyası” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Bu qarşılaşmadan “İdman Akademiyası” kollektivi qələbə ilə ayrılıb - 31:24.

RİOEUGİM komandası “Dinamo” ilə VI turun görüşündə də məğlubiyyətdən qurtula bilməyib. Görüş 52:21 hesabı ilə dinamoçuların xeyrinə nəticələnib.  “U-16” bu turda da  “Məhsul”un qarşısını ala bilməyib – 16:45. “Təhsil” komandası isə “İdman Akademiyası” kollektivinə V turdakı məğlubiyyətin əvəzini çıxıb. Gərgin mübarizə ilə yadda qalan oyun 27:26 hesabı ilə “Təhsil”in xeyrinə nəticələnib.

“Məhsul” 6 oyundan 17 xalla çempionatın lideridir. “İdman Akademiyası” 15 xalla 2-cı, iki oyun z keçirən “Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki “Təhsil”in 9, 5-ci yerdə qərarlaşan Bakının 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələ ki, xal qazana bilməyib.