"Bakı" birinci pilləni təhvil verdi

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub.

Sportline.az xəbər verir ki, 8-ci turun ilk oyununda U-18 və “Təhsil” komandaları üz-üzə gəliblər.

Gərgin mübarizə şəraitində keçən görüş nominal qonaqların qələbəsi ilə nəticələnib. Çempionatın autsayderi çox çalışsa da, növbəti məğlubiyyətdən qurtula bilməyib -  24:27.

Günün ikinci görüşü daha böyük maraqla gözlənilirdi – “Məhsul” – “Bakı”. Bu tur ərəfəsində eyni xala malik olan rəqiblərin oyunu gərgin mübarizədən xəbər verirdi. Bu cür düşünənlər yanılmayıblar. Çempionluğa əsas namizədlərin növbəti duelində də azarkeşlər maraqlı idman tamaşasının şahidi olublar. Qarşılıqlı hücumlardan daha səmərəli faydalanan “Məhsul” görüşü qələbə ilə başa vurub – 28:25.

Əsas rəqibi üzərində qələbə qazanan “Məhsul” 14 xalla çempionatın lideridir. “Bakı” 12 xalla ikici yerdə qərarlaşıb. “Təhsil” 3 xalla 3-ci pillənin sahibidir. U-18 komandasının aktivində isə cəmi 1 xal var.

Dekabrın 21-də keçiriləcək 9-cu turun oyunlarında “Məhsul” U-18 komandasını, “Bakı” isə “Təhsil”i sınağa çəkəcək.