"Bakı" növbəti qələbəsini qazanıb
Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizənin qızğın çağıdır.
Sportline.az xəbər verir ki, həftəsonu yarışın 7-ci turunun oyunları keçirilib. “ABU Arena”nın meydançasına əvvəlcə “Təhsil” və “Məhsul” komandaları çıxıblar. Nominal qonaqların üstünlüyü ilə yadda qalan oyunda, favoritin asan qələbə qazandığını söyləmək olmaz. “Təhsil” həndbolçuları rəqibə ciddi müqavimət göstəriblər. Amma daha təcrübəli heyətə malik “Məhsul” görüşü qələbə ilə başa vurmağı bacarıb – 36:29.
Günün digər oyununda, “Bakı” və U-18 komandaları üz-üzə gəliblər. Gənc həndbolçular çox çalışsalar da, növbəti məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Qarşılaşma gözlənildiyi kimi “Bakı”nın inamlı qələbəsi ilə nəticələnib 34:21.
Aktivinə 12-ci xalı yazdıran “Bakı” çempionatın lideridir. “Məhsul” eyni xalla ikinci pillədə qərarlaşıb. “Təhsil”in 3, U-18-in 1 xalı var.
Dekabrın 14-də keçiriləcək növbəti turun oyunlarında, “Məhsul” – “Bakı” görüşü böyük maraqla gözlənilir. Digər oyunda isə, “Təhsil” U-18 komandasının müqavimətini qırmağa çalışacaq.