Bakıda daha bir beynəlxalq tennis turniri keçirildi
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan daha bir beynəlxalq turnir keçirilib.
Sportline.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar çıxış ediblər.
Turnirdə ümumilikdə 28 oğlan və 24 qız mübarizə aparıb. Təmsilçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib. O, finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək çempion olub.
Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Tennis Federasiyasının 1-ci vitse-prezidenti Salam Əsgərzadə də iştirak edib. Nazir müavini və vitse-prezident idmançıları təbrik edib. Onlara qarşıdakı yarışda uğurlar arzulayan federasiya rəsmisi beynəlxalq yarışın uğurla təşkil olunduğunu bildirib.