Bakıda dünya çempionatı başlandı

Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək.

Sportline.az xəbər verir ki,  Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarış saat 10:00-da başlanacaq. 

Mundialda batutçulara tamblinq və ikili mini-batut təmsilçiləri də qoşulacaq. Batutçular bu yarışda sinxron proqramda da qüvvələrini sınayacaq. 35-ci dünya çempionatında Azərbaycanı tamblinqçi Mixail Malkin təmsil edəcək.

Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparacaq. Onlardan 160-ı batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.

Çempionatın əsas favoritləri sırasında kişilərin yarışında hazırkı olimpiya çempionu İvan Litvinoviç (Belarus) və olimpiadanın bürünc medalçısı Dilan Şmidtin (Yeni Zelandiya) adlarını çəkmək olar. Bundan başqa, yarışda dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov və Mixail Melnik (hər ikisi Rusiya), dünya çempionatının gümüş medalçısı Morante Allen (Fransa) çıxış edəcəklər.

Qadınların fərdi çıxışlarında isə əsas favorit son olimpiadanın bürünc medalçısı Brioni Peyc (Böyük Britaniya) sayılır. Yarışa 2017-ci ildə dünya çempionu olmuş 40 yaşlı Katrina Petreniya (Belarus) da qatılacaq.

Batut gimnastikası (sinxron proqram)

Sinxron cütlüklər arasında Yaponiya təmsilçiləri - sinxon proqramda dünya çempionu olmuş Takagi Yumi Tamura Narumi ilə birgə mükafatçılar sırasında olmağa çalışacaqlar. Bundan əlavə, kanadalı gimnastlar - dünya çempionatının mükafatçıları olmuş Milyet Sara və Meto Sofiane, belaruslu cütlük Katrina Petreniya və Viktoriya Kuidan da sinxron proqramda mübarizə aparacaqlar. Kişilərin sinxron proqram üzrə yarışlarında veteran batutçular - rusiyalı Dmitri Uşakov və Nikita Fyodorenko daha gənc rəqiblərini üstələməyə çalışacaqlar.

İkili mini-batut

İkili mini batut yarışları zamanı çoxqat dünya çempionu Mixail Zalomin (Rusiya) və ikiqat dünya birincisi Lina Syoberq (İsveç) titullarını qorumağa çalışacaq.

Tamblinq

Azərbaycanın Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkinin əsas rəqibləri dünya çempionları - rusiyalı Vadim Afanasyev və Aleksandr Lisitindir. Qadın tamblinqçilər arasında isə son dünya çempionatının qalibi, rusiyalı Viktoria Danilenko və dünya ikincisi, britaniyalı Şanis Devidson qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış noyabrın 21-də başa çatacaq.