Bakıda Dünya kubokuna start verildi
Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun açılış mərasimi keçirilib.
Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Daha sonra idmançı, məşqçi və hakimlər and içiblər.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva tədbir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Daha sonra o, Dünya Kubokunu açıq elan edib.
Qeyd edək ki, 4 gün davam edəcək yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq. Yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Dünya Kubokunda Azərbaycanı Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən, 4 yarışda göstərilən 3 ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG Kuboku təqdim ediləcək.