Bakıda həndbol üzrə seminar keçirilir
Mayın 25-də Azərbaycan Həndbol Federasiyasının hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminar işə başlayıb.
Sportline.az xəbər verir ki, iki gün davam edəcək seminar beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi tərəfindən aparılır.
Seminar iştirakçılarına Beynəlxalq Həndbol Federasiyasının “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı, çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Seminar zamanı yeni qaydalar həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən seminarda 30-a yaxın namizəd iştirak edib.
Sonda seminar iştirakçıları onlar üçün hazırlanmış test imtahanında iştirak edəcəklər. Seminarı uğurla başa vuran namizədlərə AHF tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, yeni qaydalar daxili yarışlarda iyulun 22-dən etibarən tətbiq ediləcək.