Bədii gimnastika komandamız qalib oldu

Milli Gimnastika Arenası daha bir mötəbər yarışa ev sahibliyi edib.

Sportline.az xəbər verir ki, yeniyetmə bədii gimnastlarımız 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində uğurla çıxış ediblər. Komanda yarışlarında Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə mübarizə aparıb. Seçməmiz beş halqa ilə hərəkətlərdə bütün rəqiblərini qabaqlayaraq birinci olub. Beş lentlə yarışlarda mübarizə aparan komandamız isə gümüş mükafatın sahibi olub.

Fərdi yarışlarda isə komandamızın hesabına 3 medal əlavə olunub. Gimnastımız Nərminə Səmədova lentlə hərəkətlərdə mükafatçılar sırasına düşüb.O, 18.000 bal toplayaraq gümüş medal qazanıb. Lentlə hərəkətlərin yekununda italiyalı Sofia Raffaeli turnirin qızıl medalına sahib olub. İsrail təmsilçisi Asya Adi Katz isə üçüncü yeri tutub. Digər gimnastımız Arzu Cəlilova 17.100 bal toplayaraq dördüncü yerdə qərarlaşıb.

Nərminə Səmədova növbəti medalı topla yarışlarda qazanıb. Münsiflər tərəfindən 18.350 balla qiymətləndirilən idmançımız bürünc mükafata yiyələnib. Arzu Cəlilova isə 16.100 balla 8-ci olub. Rusiyalı gimnast Anastasiya Simakova birinci , italiyalı Sofia Raffaeli isə 2-ci yerdə qərarlaşıb.

Bədii gimnastlarımızdan Arzu Cəlilova iplə hərəkətlərdə bürünc medal qazanıb. Onun çıxışı 17.350 balla qiymətləndirilib. Digər gimnastımız Nərminə Səmədova isə 16.900 xalla 6-cı olub. Rusiyalı gimnast Anastasia Simakova qalib olduğu halda, italiyalı Sofia Raffaeli gümüş medala qazanıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 20 ölkədən 130-a yaxın bədii gimnast iştirak edib.