"Berlin və Şəmkirdəki yarışları müqayisə etmək düzgün deyil" - Sergey Karyakin
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturniri davam edir.
SportLine.az xəbər verir ki, ikinci turda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan Rusiya təmsilçisi Sergey Karyakin oyunu haqqında danışıb: "Partiya bir qədər tez başa çatdı. İki saata yaxın oynadıq və qalibi müəyyənləşdirə bilmədik. Çünki hər iki tərəfdə üstünlük olmadı. Fikrimcə 5-6 saat oynasaydıq belə qalib olmayacaqdı. Buna görə partiyanı tez başa vurduq. Oyun tez sona çatanda növbəti tura daha yaxşı hazırlaşmaq olar".
Sergey Karyakin martda Berlində keçirilən İddiaçılar Turnirinin təşkilatçılığını Şəmkirdəki yarışla müqayisə etməyin düzgün olmadığını deyib. Onun sözlərinə görə Almaniyadakı yarışdakı təşkilatçılıqda nöqsanlar az deyildi: "Şəmkir artıq mənə doğmalaşıb. Martda Berlindəki İddiaçılar Turnirində çoxlu sayda problem var idi. Amma Şəmkirdə belə olmur. Burada zalın tərtibatı, qidalanma, oteldəki şərait çox yaxşıdır. Şəmkirdə sadəcə gözəl şahmat mühiti yaradılıb. Ona görə iki turnirin təşkilatçılığını müqayisə etmək istəmirəm. Şəmkir xoşuma gəlməsəydi beşinci dəfə bura gəlməzdim. Hər il böyük məmnuniyyətlə dəvəti qəbul edirəm".
Dostu Vüqar Həşimov haqqında danışan Rusiya təmsilçisi onunla çoxlu sayda xoş günlər keçirdiyini bilrdirib: "Vüqar hətta uduzanda pozitivliyini itirmirdi. İnsan onunla danışanda müsbət enerji alırdı. Bir çox turnirlərdə üz-üzə gəlmişik. Dostum olsa belə çalışmışam Vüqara qalib gəlim. Həşimov da mənə qarşı eyni qaydada mübarizə aparırdı. Düzünü deyim ki, dostum üçün darıxmışam. Partiyaları, debütləri həmişə seçilirdi. Bu insan istirahət etməyi sevmirdi. Bütün günü şahmatla məşğul olurdu".
ShamkirChess 2018 turnirinin mətbuat xidmətinin məlumatı