“Böyük üçlüyü” tamamlayan “Vuelta”
1934-cü ildə Xuan Puyol adlı şəxs “Tour d'France” və “Giro d'Italia” kimi yarışları əsas götürərək yeni bir velosiped turu təşəbbüsü ilə çıxış edir. Puyolun ideyası ictimaiyyət tərəfindən maraqla qarşılanır və çox keçmədən yarışın təşkili üçün tələb olunan vəsait toplanır. Beləliklə, “Vuelta ciclista a España”, yəni “İspaniya velosiped turu” adlandırılan ilk yarış 1935-ci ildə keçirilir.
Birinci yarışda 50 iştirakçı Eybar-Madrid-Eybar marşrutu ilə hərəkət edir. Onlar, ümumilikdə 3411 km məsafədə mübarizə aparırlar. 14 mərhələdən ibarət ilk “İspaniya turu”nun qalibi isə, belçikalı sprinter Qustaf Delor olur. Bütün rəqiblərini qabaqlayan velosipedçi növbəti il təşkil edilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxır.
Tez bir zamanda Avropada məşhurlaşan veloyürüşə maraq artır. İlbəil daha çox iştirakçının qatıldığı turnirə sponsorlar da dəstək göstərirlər. Beləliklə, “Vuelta a España”, “Tour d'France” və “Giro d'Italia” səviyyəsinə qalxır. Hazırda da yarış, ən məşhur üç veloyürüşdən biri hesab olunur.
İlk vaxtlarda yarış yaz fəslində keçirilirdi. 1955-ci ildən etibarən isə velosipedçilər sentyabr ayında bacarıqlarını sərgiləmək üçün İspaniyaya üz tuturlar. 3 həftə davam edən yarışın mərhələləri üçün fərqli marşrutlar seçilsə də, ənənəvi olaraq velotur Madriddə yekunlaşır.
“Tour d'France” və “Giro d'Italia”nın müharibələr vaxtı üzləşdiyi çətinliklərlə “Vuelta a España” da qarşılaşıb. Belə ki, İspaniya vətəndaş müharibəsi və II Dünya Müharibəsi zamanı veloyürüş təşkil olunmayıb.
“Vuelta a España”nın ən yadda qalan iştirakçılarından biri isveçrəli Toni Romingerdir. O, ardıcıl üç il – 1992, 1993 və 1994-cü illərdə yarışın qalibi adına layiq görülüb. Ardıcıl olmasa da, ispaniyalı Roberto Heras da 2000, 2003 və 2004-cü illərdə qalib adını qazanmaqla Toninin uğurunu təkrarlayıb. Heras 2005-ci ildə də qələbə qazansa da, dopinqdən istifadə etdiyi üçün nəticəsi ləğv olunub.
Roberto Heras
Ümumilikdə, yarışda ispaniyalı velosipedçilər hegemonluq edir. Fransa, Belçika, İtaliya, Almaniya, Hollandiya, Kolumbiya, İrlandiya, Rusiya və Qazaxıstan sprinterləri də “Vuelta a España”da qələbəni dadıblar.
Yarışın lideri “Qızılı köynək”lə mükafatlandırılır. Dağ mərhələsinin qalibi “Dağlar kralı” nominasiyası üçün nəzərdə tutulan köynəyə layiq görülür. “Ən yaxşı sprinter” nominasiyasının qalibi isə sarı balıqlı mavi köynəyi geyinmək hüququ əldə edir. Bu köynək İspaniya balıqçılıq və dəniz sənayesinin sponsorluğu ilə təqdim olunur.
Vüsal Məmmədzadə
Velotur | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir