Cəbrayıl Həsənov: "Bu dəfə yalnız titulu hədəfləmişdim"

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş komandamız vətənə dönüb.

Sportline.az saytına müsahibə verən Avropa çempionu Cəbrayıl Həsənov bu uğuru düzgün hazırlıq prosesinin nəticəsi kimi dəyərləndirib.

”Son illərdə Olimpiada, dünya və Avropa çempionatlarında 2-3-cü yerləri tutsam da, çempion ola bilmirdim. Bu dəfə yalnız və yalnız titulu hədəfləmişdim. Yarışa yaxşı hazırlaşmışdıq. Ona görə də istəyimizə nail olduq. Federasiya rəhbərliyi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün hər cür şərait yaratmışdı. Şükürlər olsun ki, biz də ümidləri doğrultduq”.

Xatırladaq ki, Cəbrayıl Həsənovla yanaşı Şərif Şərifov və Hacı Əliyev də Avropa çempionu olub. Ağahüseyn Mustafayev gümüş medal qazandığı halda, Nurməhəmməd Hacıyevlə Mahir Əmiraslanov bürünc mükafatla kifayətlənib.