Cəbrayıl Həsənov: "Yenidən çempion olmağı çox arzulayırdım"

2010 və 2011-ci illərdə Avropa çempionu olan Cəbrayıl Həsənov 8 illik fasilədən sonra titul həsrətinə son qoyub.

Sportline.az xəbər verir ki, 6-cı dəfə Avropa çempionatının finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl təəssüratlarını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:

"Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də, bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geri dönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".