"Çelsi"də nə baş verir: narazlıqlar var...

"Çelsi"nin bəzi futbolçuları baş məşqçi Qrem Potterdən narazıdırlar.

Sportline.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Komandanın bəzi oyunçuları Potterin metodlarından tam razı deyillər. Buna və bir sıra pis nəticələrə baxmayaraq, klub sahibləri mütəxəssisə inanır. Rəhbərlik ona təzyiq göstərmir.

Yanvarın 12-də Premyer Liqada "Fulhem"lə matçda uğursuz nəticə qeydə alınarsa, bu, Potteri qovulmaq təhlükəsi ilə üz-üzə qoymayacaq. Lakin oyun klub sahibləri tərəfindən diqqətlə izlənəcək. Onlar artıq komandanın nəticələrində inkişaf görmək istəyirlər.

Potter Todd Boeli və Behdad Eqbali ilə müntəzəm əlaqə saxlayır. Onlar məşqçini əmin edirlər ki, “Çelsi” uzunmüddətli layihədir. Todd və Behdad başa düşürlər ki, komandanı yenidən qurmaq üçün vaxt lazımdır.

"Çelsi" rəhbərliyi hesab edir ki, çoxsaylı zədələr komandanın vəziyyətini pisləşdirib. Məlumata görə, klub hazırkı komandanın bəzi ulduzlarının Potterin göstərişlərinə əməl etməyə hazır olduğuna şübhə edir.

Qeyd edək ki "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir. Komanda bütün yarışlardakı son 8 görüşündə 1 qələbə qazanıb.