Çempionlar Liqası: Bu gün 3-cü tura start verilir
UEFA Çempionlar Liqasında fasilə başa çatır.
Sportline.az xəbər verir ki, bu gün 3-cü turda 8 oyun keçiriləcək. A qrupunda “Pari Sen-Jermen” “Leypsiq”i qəbul edəcək. Parislilər 4 xalla lider olduqları halda, Almaniya təmsilçisi hazırda xalsızdır. "Park de Prens"də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qrupun digər görüşündə “Brügge” “Mançester Siti” ilə qarşılaşacaq. Belçikalılar 4 xalla ikinci yerdədirlər. Çempionlar Liqasının ötən mövsümünün finalçısı isə 3 xalla ilk üçlüyü tamamlayır. Azarkeşlərin maraqla gözlədiyi görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Böyük həyəcanla gözlənilən görüşlərdən biri də B qrupunda olacaq. “Atletiko” “Liverpul”la üz-üzə gələcək. Madriddə keçiriləcək oyuna maraq böyükdür. İlk 2 turda maksimum nəticə əldə edən “Liverpul” liderdir. Meydan sahiblərinin 4 xalı var. “Atletiko” bu nəticə ilə 2-ci pillədədir. “Vanda Metroploitano”da keçiriləcək qarşılaşma Bakı vatxı ilə saat 23:00-da başlanacaq.
İlk 2 turda xal qazana bilməyən “Milan” bu dəfə qələbəyə iddialıdır. İtaliya təmsilçisinin rəqibi “Portu” klubudur. “Qırmızı-qaralar” sonuncu olduqları halda, Portuqaliya futbolçuları 3-cü yerdədirlər. Bu görüşün də start fiti saat 23:00-da səslənəcək.
Paralel keçiriləcək görüşdə “Ayaks” – “Borussiya” (Dortmund) ilə mübarizə aparacaq. C qrupundakı oyunun gərgin keçəcəyi öncədən bəllidir. Buna səbəb isə 6 xalı olan iki komandanın liderlik iddiasıdır. Amsterdamda Yohan Kroyff Arenada keçiriləcək qarşılaşma futbol həvəskarları tərəfindən səbirsizliklə gözlənilir.
Qrupun digər matçı qardaş ölkədə olacaq. Türkiyənin Avropanın ən mötəbər klub turnirində yeganə təmsilçisi “Beşiktaş” Lissabonun “Sportinq” klubu ilə üz-üzə gələcək. Hazırda xalsız olan komandaların matçı gərgin mübarizə vəd edir. İstanbulda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Çempionlar Liqasının sürpriz komandası, D qrupunun lideri “Şerif” İtaliya səfərinə yollanır. Bu dəfə rəqib “İnter”dir. Yalnız 1 xalı olan İtaliya çempionu 3 xal qazanmaq niyyətindədir. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qrupun paralel keçiriləcək matçında “Şaxtyor” “Real”ı qəbul edəcək. Sonuncu pillədə olan “Şaxtyor” ötən turda “Şerif”ə məğlub olan Madrid klubuna qalib gəlmək niyyətindədir. Hər iki tərəf üçün çətin keçəcək matç Kiyev Olimpiya Stadionunda olacaq.