Cüdo millimizdən "qızıl"a bərabər "gümüş"

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatının komanda yarışlarının nəticələri məlum olub. 

Sportline.az xəbər verir ki, Azərbaycan millisi ilk görüşdə Bosniya yığmasına 4:1, ¼ finalda Kanada yığmasına 4:2, yarımfinalda isə Ukrayna yığmasına 4:3 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.

Azərbaycan komandası finalda Fransa millisi ilə qarşılaşıb. Milli yığmamızın üzvü Fidan Əlizadə Ukrayna ilə keçirilən yarımfinal görüşündə zədələndiyinə görə, final görüşünə çıxa bilməyib və komandamız görüşə 0:1 hesabı ilə geridə başlayıb. Buna baxmayaraq, milli yığmamız hesabı 3:3 edə bilib. Hesab 3:3 olanda qaydalara görə, həlledici görüş keçirilməlidir. Görüşün hansı çəki dərəcəsində olacağı isə püşkatma ilə müəyyən edilir. Təəssüf ki, püşkatma həlledici görüşün -63 kq.-da olmasına qərar verib. Bu çəkidə idmançımız Fidan Əlizadə zədəli olduğuna görə, görüşə çıxa bilməyib və qələbə avtomatik Fransa komandasına verilib.

Qeyd edək ki, idmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medal qazanıb.