Cüdoçularımız İtaliyada mübarizəyə başlayırlar
Bu gün İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turniri start götürəcək.
Sportline.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxacaq.
Kişilərin 60 kq çəki dərəcəsində yer alan Nazir Talıbov startda Toylu Muradovla (Türkmənistan), eyni çəkidəki Rövşən Əliyev Xuan Saysla (İspaniya) üz-üzə gələcək.
66 kiloqramdakı cüdoçularımızdan Kəramət Hüseynov Bencamin Qomes (Fransa) / Aleksandr Şort (Böyük Britaniya) cütünün qalibi ilə, Orxan Səfərov Yolan Florimont (Fransa) ilə, Yaşar Nəcəfov Sərdar Rəhimovla (Türkmənistan) münasibətləri aydınlaşdıracaq.
Təmsilçilərimizin hamısının ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycan Açıq Avropa turnirinə 13 kişi cüdoçu ilə qatılıb. Turnirdə 35 ölkədən ümumilikdə 376 (228 kişi, 148 qadın) idmançı qüvvəsini sınayacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.