Daha 2 turun oyunları baş tutdu

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti iki turun oyunları arxada qalıb.

Sportline.az xəbər verir ki, AHF arenada təşkil olunan yarışın XXIII turunda mövsümə inamla start verən “İdman Akademiyası” ilə ən yaxın izləyicisi “Məhsul”un görüşü böyük maraqla gözlənilirdi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “tələbələr”in qələbəsinə inananlar yanılmayıblar. “Məhsul”un ciddi müqavimətinə baxmayaraq oyun nominal ev sahibinin xeyrinə başa çatıb – 25:23.

“Təhsil – “Dinamo” matçında daha inamlı oyun nümayiş etdirən “dinamoçular” pərəstişkarlarını sevindiriblər  -  31:24.

“Bakı” isə autsayder “U-16” üzərində 44:25 hesablı qələbə qazanıb. 

“İdman Akademiyası” komandası XXIV turun görüşündə “Məhsul” üzərində daha inamlı qələbəyə imza atıb – 32:20. “Təhsil” “Dinamo” ilə növbəti qarşılaşmada ötən turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 25:22. “Bakı” isə “U-16” üzərində daha bir böyükhesablı qələbəni rəsmiləşdirib – 44:26. 

Çempionata 51 xalla “”İdman Akademiyası” başçılıq edir. “Məhsul” ondan 10 xal geri qalır. “Dinamo” 39 xalla üçüncü, “Təhsil” 30 xalla dördüncü pillədədir. Beşinci yerdəki “Bakı”nın 13 xalı var. Hərəyə 3 xalı olan RİOEUGİM və “U-16” komandaları son pillələri bölüşürlər.